Bu günə qədər Azərbaycanda istehlakçılara nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 5 milyon manatdan artıq əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb. Bu barədə 5 aprel tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Qeyd olunub ki, ölkə Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.
Fərmanın icrası ilə bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb və ötən ilin noyabr ayından istifadəyə verilib. Bu günə qədər vergi orqanlarına vətəndaşlar tərəfindən 6 005 müraciət daxil olub, 2 001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait ödənilib.