Azərbaycanda ödəniş xidmətləri və sistemləri sahəsində işləmək istəyən ödəniş təşkilatları üçün 2000 manat dövlət rüsumunun müəyyən edilməsi təklif olunub. Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində məşğul olan təşkilatlar üçün 3000 manat, operatorlar üçün isə 2500 manat məbləğində rüsum müəyyən edilməsi təklif olunub.
Həmçinin Azərbaycanda ödəniş xidmətləri və sistemləri sahəsində qanunvericiliyi pozanlar 7000 manat məbləğində cərimə olunacaqlar. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində yeni 439-2-ci (ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) maddə təklif edilir.
Maddəyə əsasən, ödəniş xidmətləri və sistemləri haqqında qanunvericiliyin pozulması digər hallarla yanaşı, Azərbaycan Mərkəzi Bankının reyestrində olmayan ödəniş agenti vasitəsilə xidmətlərin göstərilməsidir.