“Azərpoçt” MMC 2022-ci ili 4,336 milyon manat xalis mənfəətlə başa vurub. Bu barədə Report 18 iyul tarixində xəbər verib.
Şirkət 2021-ci ildən 5,439 milyon manat xalis zərərlə çıxmışdı.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 624,008 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 43,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 48 % artaraq 574,011 milyon manata, balans kapitalı isə 7,2 % artaraq 49,997 milyon manata çatıb.
"Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.