Azərbaycanın bölgələrində payızlıq əkin sahələrinin 33%-ində biçin başa çatıb. Bu barədə 22 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata görə, bu günədək sahələrdən 728 937 ton arpa, 366 037 ton buğda yığılıb.
Ölkə üzrə payızlıq arpa sahələrinin 60%-ində, buğda sahələrinin isə 16%-ində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 30,2 sentner, buğda üzrə isə 34,4 sentner təşkil edir.
Artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Bu günədək sahələrin 11 885 hektarında biçin başa çatıb. Sahələrdən 46 min tondan artıq məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95%-ində biçin prosesi yekunlaşıb.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40%-i arpa, 60%-i buğda sahəsidir.