top
35 yaşlı kişi “səni mən yox, Allah bağışlasın” deyərək arvadını öldürdü — TƏFƏRRÜAT
12 noyabr 2024, 03:20
- +

35 yaşlı kişi “səni mən yox, Allah bağışlasın” deyərək arvadını öldürdü — TƏFƏRRÜAT









Abşeron rayonunda 1989-cu il təvəllüdlü Cəlal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elmiranı (adlar şərti göstərilib – red.) qətlə yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlal 4 aprel 2014-cü ildən 3 fevral 2021-ci ilədək rəsmi nikah münasibətində olduğu arvadı Elmiranın bir ana kimi öz öhdəliklərini yerinə yetirmədiyini və uşaqlarına lazımi qayğı göstərmədiyi qənaətinə gəlib.

Cəlal dəfələrlə bu zəmində keçmiş arvadı ilə mübahisə edib. Bu barədə növbəti dəfə iradlarını 24 avqust 2021-ci ildə, saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində evin yaxınlığında olarkən yenidən bildirib.

Elmira ona aqressiv cavab verməsindən və ona qarşı təhqiredici ifadələr işlətməsindən əsəbiləşib.

Cəlal yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Elmiradan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, həmin vaxt üzərində olan cib bıçağı ilə Elmiranın ilkin olaraq ürək və qarın boşluğu nahiyələrinə zərbə vurub.

Daha sonra Elmiranın yıxılmasına, ətrafda olan şəxslərin müdaxiləsinə, Elmiranın yalvarışlarına, həmin vaxt yaxınlıqda olan azyaşlı uşaqlarının “ata, eləmə” demələrinə məhəl qoymayıb.

O, Elmiranın qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədilə öz ictimai borcunu yerinə yetirib onun törətdiyi cinayət əməlinin qarşısını almaq istəyən Elmiranın anası Fərizəni qəsdən itələyib.

Cəlal Elmiranı azyaşlı övladlarının gözü qarşısında, həm azyaşlı övladlarına, həm də anası Fərizəyə xüsusi əzab verdiyini dərk edərək onun bədənin müxtəlif nahiyələrindən bıçaqla çoxsaylı zərbələr vurub.

Bu hərəkətləri ilə Cəlal keçmiş arvadını xüsusi amansızlıqla öldürüb. Həmçinin qızının onun tərəfindən öldürülməsinin qarşısını almaq istəyən Fərizəni 1,9 metr hündürlükdən qəsdən itələyərək ona xəsarətlər yetirib.

Hadisəni törədən Cəlalın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2012-ci ildə Elmira ilə rəsmi nikaha daxil olub, həmin nikahdan üç övladı olub:

“Mən fərdi qaydada usta kimi işləyərək ailəmin dolanışığını təmin etmişəm. Arvadım isə evdar qadın olub, ailədə və evdə yalnız mənim sözüm keçib, arvadıma çörək almaq üçün belə çölə çıxmağa icazə verməmişəm. 2020-ci ilin iyun ayında “Snapchat” mobil tətbiqində Elmiranın tanımadığım şəxslərlə yazışması səbəbindən aramızda söz-söhbət olub.

Elmiraya təkidlə bir daha belə hərəkətlərə yol verməməsini bildirdim. Analığı Fərizəyə də Elmiraya mobil telefon hədiyyə etdiyinə görə iradımı bildirdim. Keçmiş arvadım Elmiranın bioloji anası Sevda olub. Lakin Elmira 10 aylığında əmisi arvadı Fərizəyə övladlığa verilib. Elmiranın həm bioloji atası, həm də atalığı ölüb. Bioloji anası Sevda isə oğlu ilə birlikdə Lökbatan qəsəbəsində yaşayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmira ilə rəsmi qaydada 2021-ci ilin yanvar ayında boşandıqdan sonra sonuncu üç övladı ilə birlikdə analığı Fərizənin yaşadığı evə köçüb, boşandıqdan sonra məhkəmənin qərarı ilə hər həftənin 6-cı günü övladları onunla qalmalı olsa da, işləri çox olduğu ərəfələrdə övladlarını götürə bilməyib, aradabir övladlarına pay-paltar göndərib:

“Övladlarıma görə hər ay 390 manat aliment ödəməli olsam da, maddi vəziyyətim zəif olduğuna görə hər ay ödəyə bilməmişəm. Buna görə mənə 10 gün inzibati həbs cəzası da verildi. Elmira ilə aramızda mübahisələr olub. Mübahisə zamanı Elmira məni nalayiq ifadələrlə təhqir edib”.

Cəlalın ifadəsinə görə, 14 avqust 2021-ci ildə övladlarını götürməyə Fərizənin evinə gedib, qapıda olan zaman Elmiraya uşaqların üçünü də evdən buraxmasına dair SMS yazsa da, övladlarının ikisinin hazır olduğunu, lakin böyük qızının hazır olmadığını görərək narazılığını bildirib:

“Elmira və onun analığı Fərizə böyük qızımın mənimlə görüşmək istəmədiyini deyəndən sonra onların övladlarımı mənə qarşı “doldurduqlarını” anlayaraq onlara əsəbiləşdim. Aramızda yaranmış mübahisə zamanı Fərizə sol gözümü cırmaqladı.

Elmira isə evə keçərək məni nalayiq ifadələrlə təhqir etdi. Həmin vaxt hətta onu bıçaqla yüngül yaraladım. Həmin vaxt əsəbimdən Elmiragilin yaşadığı evin pəncərəsini sındırdım. Bununla bağlı Fərizənin etdiyi şikayət əsasında araşdırma aparıldı”.

Cəlal qeyd edib ki, avqustun 24-də qonşusu Əlinin evində usta kimi işləyib, saat 17 radələrində işini bitirib küçəyə çıxanda Fərizənin kiçik qızını bağçadan evə gətirdiyini, digər övladlarının da onun yanında olduqlarını görüb:

“Övladlarım ilə görüşdüm. Ən kiçiyini isə öpüb-qucaqladım. Fərizəyə “5 saatdır ki, uşaqlar evdə təkdir, qapını bağlayıb getmisiz” deyə iradımı bildirdim.

Fərizə məni nalayiq ifadələrlə təhqir etdi. Mən də cavabımda Fərizəyə qarşı nalayiq ifadələr işlətdım. Daha sonra usta kimi işlədiyi evə tərəf gedərək çönüb arxaya baxdıqda Fərizənin yenə əlini qaldırıb məni nalayiq ifadələrlə təhqir etdiyini müşahidə etdim.

Həmin vaxt keçmiş arvadım Elmiranın gəldiyini gördüm. Ona yaxınlaşaraq “hardasan bu vaxtacan, uşaqları tək qoyub getmisən?” deyə açıqlandım. Elmira “uşaqlar mənimdi, nə istəyirəm edirəm” deyə cavab verdi. Elmiranın haradasa kompüter müəllimi kimi işlədiyini bildiyimdən ona işləməsini istəmədiyimi bildirdim, sağ əlim ilə boğazından sıxdım”.

Cəlalın ifadəsinə görə, daha sonra Fərizə onların yanına gələrək onu nalayiq ifadələrlə təhqir edib, mübahisəni qonşuları Ramil və Seymur da görüb:

“Mən Elmiranı itələyəndən sonra ayağım sürüşərək yerə yıxıldım. Daha sonra ayağa qalxaraq Fərizənin yanına getdim. Bundan sonra Fərizə və Elmira məni nalayiq ifadələrlə təhqir etməyə davam etdilər. Mən dərhal Elmiraya tərəf qaçaraq özüm ilə gətirdiyim bıçaqla 2 dəfə ürək nahiyəsindən və qarın boşluğundan zərbə endirdim.

Bu vaxt Seymur adlı qonşu yaxınlaşaraq məni sakitləşdirməyə çalışsa da, mən Seymuru da əlim ilə itələdim. Bu zaman Seymur yerə yıxıldı. Seymura “Kərbəlayı, çəkil qırağa, bu sənlik deyil” deyə acıqlandım. Bunu görən Fərizə əli ilə məni itələdi. Mən orada olan səkidən yerə yıxıldım. Daha sonra yıxıldığım yerdən qalxaraq Elmiranın yerdə qarnı üzərində uzanıqlı vəziyyətdə və köynəyində qan ləkələrinin olduğunu gördüm.

Yaxınlaşaraq Elmiranın kürək nahiyəsinə bıçaqla zərbələr endirməyə başladım. Orada olan böyük qızım “bəs biz nə olacağıq, anamı vurma, anamı öldürmə” dedi. Ortancıl oğlum isə “ay ata eləmə” deyə təkrarladı. Elmira yerdə olan zaman mənə tərəf dönərək “Cəlal, məni balalarıma bağışla” deyə yalvardı.

Cavabımda isə ona “səni mən yox, Allah bağışlasın” deyərək əlimi ondan çəkərək işlədiyim evin həyətində əlimin və bıçağın qanını yudum.

Daha sonra yaşadığım evə gedərək anam ilə vidalaşdım. Anama Elmiranı bıçaqla vurduğumu bildirməklə qardaşımdan məni qəsəbədə olan polis bölməsinə aparmasını xahiş etdım. Təxminən 10-15 dəqiqədən sonra polis bölməsinə gələrək orada törətdiyim cinayəti etiraf etməklə könüllü təslim oldum, cinayət aləti olan bıçağı təhvil verdim.

Hadisəni törətdikdən sonra oranı tərk etdiyim zaman Fəridə yuxarıda səkidə ayaq üstə olub”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Cəlal 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Məhkum edilmiş Cəlal bu il apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi ilə bağlı vəsatət versə də, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun vəsatəti təmin edilməyib.

Bu qərardan narazı qalan Cəlal apellyasiya şikayəti verib. Məhkum edilmiş şəxs apellyasiya şikayətinin dəlilə əlaqədar qeyd edib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmünü aldığı müddət ərzində ağır psixoloji sarsıntı keçirib, səhhətində ciddi pozuntular olmaqla uşaqlarının qəyyumluq məsələləri ilə əlaqədar məhkəmə iclaslarına başı qarışdığı, həmçinin hüquqi müraciət qaydalarını bilməməsi səbəbindən prosessual müddəti ötürüb.

Ona görə də barəsindəki hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxan hakimlər heyəti sonda qərar elan ediblər.

Qərara görə, şikayət təmin olunmayıb.









Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Dünən, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Dünən, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Dünən, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Dünən, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Dünən, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Dünən, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
08 aprel 2026, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
08 aprel 2026, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
08 aprel 2026, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
08 aprel 2026, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
08 aprel 2026, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
08 aprel 2026, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər