“Mən özümü təqsirli bilmirəm. Ayselə qarşı seksual hərəkət etsə idim, açıq-aşkar etməzdim”.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında 14 yaşına çatmayan qıza qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən Cahid Piriyev (ad şərtidir) deyib.
Belə ki, 1979-cu il təvəllüdlü Cahid Piriyev 2022-ci ildə yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evinin həyətində cinsi ehtirasını ödəmək məqsədilə qonşuluqda yaşayan 2014-cü il təvəllüdlü Aysel Məmmədovaya (ad şərtidir) qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilir.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən Cahid Piriyevə ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilməyib. İfadəsində qeyd edib:
“İşdən evə gəldim. Yoldaşımın qardaşıgildə yas var idi. Onları ora yola saldım, özüm də evdə qaldım. Həyətimizdə balaca it və cücələr var idi. Toyuqların yerində olmadığını gördüm. Həyətə çıxıb onları axtardım, mağazaya girib toyuqları soruşdum. Cücələri yemləmək üçün evə qayıtdım. Birdən qapı döyüldü. Qonşuluqda yaşayan iki bacı Aysel və Aysu toyuqların qapıda olduğunu deyib, onları içəri saldılar. Sonra bacılar məndən itin yerini soruşdular. Mən də iti onlara verdim ki, oynasınlar. Özüm isə cücələri yemləməklə məşğul idim. Qayıdanda Ayselin üzünün pis gündə olduğunu gördüm. Əlimlə onun üzünü təmizlədim. Digər bacısı da yanımızda idi. Qapı da açıq idi. Çöldən həyətin içərisi görünür. Əgər belə bir şey etmiş olsa idim, gizlində edərdim. Niyə hər tərəfdən görünən yerdə edim. Ayselə qarşı heç bir seksual hərəkət etməmişəm. Uşaqlar evlərinə qayıdandan sonra atası dostu ilə gəlib məni döydü”.
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, Ceyhun və ailəsi ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb.
Məhkəmənin gedişatında zərərçəkmiş Aysel Məmmədova dindirilib. Onun yaşının az olması nəzərə alınaraq ifadəsi psixoloq nəzarəti altında verilib.
Aysel ifadəsində göstərib:
“Həyətdə bacım Aysu ilə oynayırdım. Qonşumuz Cahidin toyuqları itmişdi. Onun toyuqlarını tapıb, həyətlərinə apardıq. Toyuğu hinə saldıqdan sonra bacım çölə çıxdı. Cahidlə həyətdə tək qaldım. Cahid mənə dedi ki, gözlərini yum. Mən də yumdum. Sonra ağzıma nə isə saldı. Mən gözlərimi açanda Cahid çılpaq idi, soyunmuşdu. Evə gəlib, olan hər şeyi anama danışdım”.
Dövlət ittihamçısının suallarını cavablandıran Aysel deyib ki, qonşunun həyətində it yox idi, itlə oynamayıb.
Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.
Sonda məhkəmənin yekun qərarı ilə Arif Quliyev 10 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Fidan İlqar