2018-ci ildə “BlaBlaCar” xidmətində olan həmkarları ilə səyahət zamanı yoxa çıxan Rusiyadakı “Burger King” restoranının direktoru İrina Axmatovanı qətlə yetirən şəxsin seriyalı qatil olduğu üzə çıxıb.
Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Vladimir Mərkəzi Həbsxanasında cəza çəkən Vitali Çikirev daha dörd qətli etiraf edib, onun daha altı şəxsin ölümündə əli olduğu sübuta yetirilib. “İndi onu ömürlük həbs gözləyir. Qətl hadisələri ilə yanaşı, qanunsuz silah saxlama maddəsi də əlavə edilib”, - məlumatda deyilir.
Axmatovanın itkin düşməsi 2018-ci il dekabrın 26-da səhər saatlarında məlum olub. Qadın avtomobili ilə Moskvadan Tulaya gedərkən yoxa çıxıb. Qatilin təcavüzə, cinayətlərə və dələduzluğa görə uzun müddət cəza çəkən bir şəxs olduğu ortaya çıxıb. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb. Daha sonra Axmatovanın avtomobili Yaroslavldakı ticarət mərkəzlərindən birinin yaxınlığında tapılıb. Avtomobil yaxşıca yuyulub, nömrələri çıxarılıb.