Naxçıvanın Şərur rayonunda ər arvadını balta ilə vurub.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Nicat Qaraşov (ad şərtidir) 1967-ci ildə Şərur rayonunda anadan olub. O, avqustun 7-si Şərur şəhərində yerləşən “ZET” adlı restoranda spirtli içki qəbul edib. Bu səbəbdən evə gec gəldiyi üçün həyat yoldaşı Aygün Qaraşova (ad şərtidir) ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Nicat xanımının onu təhqir etməsinə və deyinməsinə dözə bilməyib. Nəticədə o, odun doğramaq üçün istifadə edilən balta ilə həyat yoldaşının başından vuraraq xəsarət yetirib.
Nicat Qaraşov Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nicat Qaraşov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:
“32 ildir ki, Aygün Qaraşova ilə evliyik. Bu evlilikdən 2 oğlumuz dünyaya gəlib. Xanımımla münasibətimiz əvvəldən yaxşı olmayıb amma heç vaxt ona əl qaldırmamışam. Aramızda hadisədən bir gün əvvəl başlayan və həmin gün də davam edən mübahisənin səbəbi spirtli içki qəbul etməyim olub. Mübahisə zamanı Aygün mənim sözümə məhəl qoymayaraq, ünsiyyətimiz olmayan qonşuya getdiyi üçün daha da əsəbiləşdim. Çöldə siqaret çəkəndə balta gözümə sataşdı. Onu qorxutmaq istəyirdim. Baltanı götürüb evə gəldim. Aygün qonşudan gəldikdən sonra balta ilə başına və kürəyinə vurdum. Arvadımı öldürmək fikrim yox idi”.
Daha sonra məhkəmə zalında zərərçəkmiş Aygün Qaraşova ifadə verib:
“Nicata qonşuya gedib gələcəyimi xəbər etdim. Qonşudan gəldikdən sonra yoldaşım məndən su istədi. Mən də birinci su verib sonra da ona çay süzdüm. Balkonda qonşu ilə telefonla danışarkən ərim arxadan hücum edərək balta ilə başıma və kürəyimə zərbələr endirdi.
Nicat içki içdiyi üçün öz-özümə deyinirdim. Amma onu heç vaxt təhqir etməmişəm. Mübahisənin bu yerə gələcəyini düşünmürdüm”.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nicat Qaraşov 3 il 6 ay azadlıqdan məhrum edilib.
Fidan İlqar