Gencexeber.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında qısqanclıq zəminində əri tərəfindən dəfələrlə bıçaqlanaraq xəsarət yetirilən zərərçəkmiş Günel Salmanova deyib.
Belə ki, 1989-cu il təvəllüdlü Arif Quliyev onunla birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan keçmiş arvadı Günel Salmanova ilə yaxın münasibətdə olmaq istəyib. Günel bundan imtina etdiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı yataq otağındakı masanın üzərində olan mətbəx bıçağı ilə Güneli övladının gözü qarşısında rəhimsiz şəkildə dəfələrlə bıçaqlayıb.
Qeyd edək ki, Günellə Arif boşansalar da, hadisədən təxminən 10 gün öncə barışıb, bir yerdə yaşamağa qərar veriblər.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla bir şəxsi qəsdən öldürmək) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılıb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən Arif Quliyevə ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü qismən təqsirli bilərək deyib:
“Həmin vaxt özümdə deyildim. Birinci yoldaşıma, sonra da özümə xəsarət yetirdim. Günelin bədəninin hansı nahiyələrini bıçaqladığımı xatırlamıram. Güneli öldürmək niyyətim yox idi”.
Məhkəmədə zərərçəkmiş Günel Salmanova ifadəsində göstərib:
“Axşam saatları idi. Divanda yuxu tutub yatmışdım. Arifin telefonuna gələn zəngə ayıldım. Kim olduğunu soruşduqda əmisi Eldar olduğunu dedi. Sonra Arif Eldarla görüşüb həyətdə söhbətləşdilər. Eldar getdikdən sonra Arif gəlib məni yuxudan oyadıb çay verməyimi istədi. Çay verdikdən sonra Arif mənə “təpənə dəysin, bu nə çaydı mənə veribsən, çay soyuqdur” dedi. Bundan sonra çayı dəyişdim və yenisini gətirdim.
Arif söhbət etmək, yaxın münasibətdə olmaq istəyirdi. Yorğun olduğumu, sabah usta gələcəyini deyib yatmağa getdim. Arif çayı içib yataq otağına gəldi. Yatağın ayaq tərəfində uzanıb televizora baxdı. Daha sonra mən yerimdən durub çölə çıxıb, geri qayıtdım. Arif məndən nə iş gördüyümü soruşdu. Mən də heç nə etmədiyimi bildirərək yatağıma uzandım. Yatağa uzandıqdan sonra kənara çəkilməyimi dedi və dərhal sonra heç nə demədən bir əli ilə boğazımdan tutaraq digər əli ilə bıçağı alıb xəsarət yetirməyə başladı. 9-12 arası bıçaq zərbəsi ilə xəsarət aldım”.
Günel Salmanova Arifdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istədiyini məhkəmədən xahiş edib.
Sonda məhkəmənin yekun qərarı ilə Arif Quliyev 14 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Fidan İlqar