Qusarda xəyanətdən şübhələnən qayınata gəlininə 15 dəfə balta ilə zərbə endirib.

Shimal.news-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1953-cü il təvəllüdlü İsa Nəcəfov (ad şərtidir) Qusar rayonunda anadan olub. O, “üzvi sayıqlama pozuntusu” psixi xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyi səbəbindən də gəlininin xəyanət etməsindən şübhələnib. Qadının xəyanətini ifşa etmək üçün onu izləməyə başlayıb. Gəlinin telefonla danışdığını görüb. Buna görə beynində artıq xəyanət şübhəsini dəqiqləşdirib. Onu öldürmək üçün balta ilə üstünə hücum edib və başından  vuraraq yerə yıxıb. Bunu görən azyaşlı nəvələri babalarından aman diləsələr də, İsa buna məhəl qoymayıb və balta ilə zərbə endirməyə davam edib. Gözü dönmüş qayınata onu dayandırmaq üçün qarşısına keçən nəvəsinə də balta ilə zərbə endirib.

Bununla da İsa Nəcəfov gəlininin baş, boyun nayihələrinə və bədəninə 15 dəfədən çox zərbə endirib. Əynindəki paltarın qalınlığına və bəzi zərbələrdən yayındığına görə yalnız 4 balta zərbəsi gəlinə dəyib.

İsa Nəcəfov Azərbaycan Respublikası CM-nin 29, 120.2.3, 29, 120.2.4, 29, 129.2.7, 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Təqsirləndirilən İsa Nəcəfovun məhkəmə qərarı ilə cinayət prosessual fəaliyyəti qabiliyyətsiz hesab edildiyindən, onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadələri elan olunub. O, irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib:

“Oğlum Ruslanla bir evdə qalırıq. Ruslan Sevinclə evlənib bizimlə eyni evdə yaşamağa davam etdi. Nəvələrim Ayla, Melissa və Kamilla da bizimlə qalıb. Ruslan işləmək üçün Rusiya Federasiyasına gedib-gəlirdi. Gəlinim Sevinc bir neçə ildir ki, mənə diqqətlə yanaşmır, paltarlarımı yumur, yeməyimi bişirmirdi. Narazılığımı dəfələrlə bildirmişdim. Ruslan bütün söhbətlərdə arvadı Sevincin tərəfini tuturdu. Onsuz da Sevincin Ruslana xəyanətindən çoxdan şübhələnmişdim. Buna görə üstünü açmağa çalışdım. Sevincin hər davranışına, danışığına fikir verirdim. Fevralın 28-i Sevinc qızlarını gəzdirmək üçün çölə çıxdı. Onların arxasınca düşərək güdməyə başladım. Nəvəm Melissa məni gördüyü üçün “baba” deyərək qışqırdı. Sevinc onun arxasınca gəldiyimi gördü. Onlarla gəzməyə davam etdim. Birdən Sevinc telefonu qulağına qoyub danışmağa başladı. Elə bu an yolun o biri tərəfində bir kişi də telefonu qulağına qoyub danışırdı. Bunu gördükdə Sevincin o kişi ilə danışdığını düşündüm”.

Onun sözlərinə görə, Sevincin saymazyana hərəkətləri səbr kasasını daşırıb:

“5-6 gün əvvəl evdə olanda Sevincdən xəlvət Melissadan nələr etdiklərini soruşdum. Melissa mənə “bir əmi var idi, maşına mindik, o əmi pis sürürdü, amma başqa əmi var idi, o maşını yaxşı sürürdü” sözlərini dedi. Sevinci qorxutmaq üçün balta ilə vurmaq qərarına gəldim. Əvvəllər usta işlədiyim üçün eyvanda baltam var idi. Sevinc paltar sərəndə balta ilə arxadan başına vurdum. Qışqırığa digər otaqdan azyaşlı nəvəm Ayla gəldi. Ayla gələndən sonra anası Sevinc ilə birlikdə əlimdən baltanı almaq istədi. Həmin vaxt Melissa da eyvana baxdı, “ay baba, vurma, qurban olum, vurma” dedi. Əməlimdən peşmanam”.

Zərərçəkmiş Sevinc Nəcəfova sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərib ki, hadisədən bir müddət əvvəl fevral ayında qayınatası onları güdməyə başlayıb:

“Qızımın allergiyası var. Allerqoloq Aylanın açıq havada gəzməli olduğunu deyib. Uşaqlarımı gəzməyə aparmışdım. Bir gün qızım babasının  arxamızca gəldiyini dedi. Məhəllədə söhbət yayılmışdı ki, manyak var və insanları güdür. Amma həmin adam qayınatam idi. Uşaqları İcra hakimiyyətinin ətrafında gəzdirib evə gətirirdim. Bu gəzinti 30-40 dəqiqə çəkir. Telefonda valideynlər qrupundakı səsə qulaq asmağımı qayınatam yəqin ki, telefonla danışırmış kimi başa düşüb.

Hadisə günü paltarları asmağa keçəndə başıma küt alətlə zərbənin dəydiyini hiss etdim. Bu zərbədən sonra müvazinətimi itirib yerə yıxıldım. Qızım səsə gələndə İsa onu da vurdu. Təkcə mənim başıma 5-6 zərbə endirib. Qayınatamın əlini dişləyib baltanı ondan alaraq qaçdım. Sonra köməyə qonşular gəldilər”.

Məhkəmə iclasında İsa Nəcəfovun oğlu İlqar Nəcəfov (ad şərtidir) qanuni nümayəndə kimi dindirilərkən ifadəsində deyib ki, qardaşı atasının evində yaşadığı dövrdə qayınata-gəlin münasibətləri artıq pisləşmişdi:

“Buna səbəb Sevincin yersiz narazılıqları, ailədaxili söz-söhbət yaratması olub. Ruslan da işləmək üçün Rusiya Federasiyasına mütəmadi gəlib-getdiyi vaxtda Sevinc ilə atam arasında mübahisələr baş verirdi. Evin gəlini idi, amma atamın paltarlarını yumurdu, yemək bişirmirdi.

Ayla anası Sevincin diqtəsi ilə atama “çıx evimizdən, get evimizdən” sözlərini deyirdi. Atam mənə Sevinclə bağlı gileylənirdi, xəyanəti barədə heç nə deməsə də, laqeydliyi, səliqəsizliyi və saymazlığından şikayət edirdi. Sevinc heç vaxt qardaşıma xəyanət etməyib. Belə xəyanəti nə görmüş, nə də Ruslandan, yaxud başqasından eşitmişəm.

Mənim fikrimcə, Sevinc telefonla həddən artıq anası, bacısı və qohumları ilə danışdığına görə atam yanılıb. Həqiqətdə isə Sevincin qardaşım Ruslana xəyanət etməsinə inanmıram, bu mümkün deyil”.

Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verilərək İsa Nəcəfovun nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. İsa Nəcəfova ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

 

Fidan İlqar