Şərurda kişi keçmiş qardaşı arvadını bıçaqlayıb.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə aparılıb.
Belə ki, 1983-cü il təvəllüdlü Sədi Əliyev (ad şərtidir) Şərur rayonunun Həmzəli kəndində doğulub. Ötən il iyunun 10-da Bakıda Sədinin qardaşı Sultan qaynı Hüseyn tərəfindən qətlə yetirilib. Bu səbəbdən o, qisas almaq niyyəti ilə qarşı tərəfin ailəsindən kimisə öldürmək qərarına gəlib. Qardaşının dəfnindən sonra Şərur rayonuna qayıdıb. Qisas niyyətini həyata keçirmək üçün qatlanan bıçaq alsa da, həmin tarixdən qardaşının qaynı Hüseyn Qasımovun ailəsi və yaxın qohumlarından heç biri ilə qarşılaşmayıb. Bu səbəbdən də 2024-cü ilin aprelin 8-ə qədər niyyətini həyata keçirə bilməyib. Həmin gün özünə məxsus kiçikbuynuzlu heyvanları Axura kəndinə apararkən Hüseyngilin evində işıq yandığını görüb. Cinayətkar niyyətini həyata keçirmək üçün içəri daxil olub. Otaqda qardaşının keçmiş arvadı Sitarəni görüb və üstünə cumaraq 9 dəfə bıçaqlayıb. Qızın anası səsə gələrək Sədini qırağa itələyib və qaynayan çaydandakı suyu onun başına töküb.
Sədi Əliyev Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sədi Əliyev özünü ittiham üzrə tam təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşının beyninin və qarnının yarılmış vəziyyətdə olan videolarını gördükdən sonra psixologiyası pozulub:
“Qardaşım Sultanla Sitarənin evli olmaları barədə heç bir məlumatım olmayıb. Sultan Əliyev Bakıda həmkəndlilərimizin toyundan çıxıb evə gedən zaman Sitarənin qardaşı Hüseyn Qasımov dönərxanadan bıçağı götürüb, Sultanın arxasınca gedib. Mehdiabad qəsəbəsində onu qətlə yetirib. Əvvəllər bu qətlin niyə baş verdiyini anlamırdım. Sultanın Sitarədən boşandığı üçün 3000 manat aliment borcunun olduğunu da bilmirdim. Qardaşımın məsciddə yuyulan zaman çəkilən videosunu mənə göstərdilər. Onun beyninin və qarnının yarılmış vəziyyətdə olan kadrları gördükdən sonra psixologiyam pozuldu. Video mənə çox pis təsir etdi. Tezliklə qisas almaq niyyətinə düşdüm.
Bir gün Hüseyngilin evlərində işıq yandığını gördüm. Sitarə əlində telefon dayanmışdı. Qardaşımın keçmiş arvadının üstünə cumub bıçaqlamağa başladım. Sitarə qışqırmağa başladı, anası gəldi. Evdə tək olduğunu düşünürdüm. Onun anası Pakizə məni yerə yıxdı, Sitarə də üstümə qaynayan suyu töküb, daşla 4-5 dəfə zərbə vurdu. Törətdiyim əməldən çox peşmanam”.
Məhkəmə istintaqında zərərçəkmiş Sitarə ifadəsində göstərib:
“2009-cu ildə Sultanla evləndik. 2021-ci ildə boşandıq. Bakıda yaşaya bilmədiyim üçün uşaqlarımla birlikdə Naxçıvan şəhərinə qayıtdım. Hazırda Naxçıvanda kirayə tutduğum evdə yaşayıram. Sultan Əliyev uzun müddət aliment ödəmədiyi üçün 3000 manat borcu yığılmışdı. Qardaşım Hüseyn mənə dolanışıq üçün kömək edir.
Aliment borcuna görə qurumlara şikayət etdim və Sultan Əliyevə 10 gün inzibati həbs verildi. Cəzasını çəkib qurtardıqdan sonra Bakıya gedib, 2-3 gün sonra da toyda içkili olduğu üçün qardaşım Hüseyn ilə mübahisələri olub və qətlə yetirilib. Sultanın Naxçıvanda olduğunu düşündüm, ölüm xəbərini eşitdikdən sonra Bakıda olduğunu bildim. Sultan öldükdən sonra qaynım Sədi “ Onlardan qardaşımın qisasını alacam, bir nəfəri öldürəcəm” deyib. Keçmiş ərimin ailəsi ilə yaxşı münasibətim olmadığı üçün bu təhdidi ciddi qəbul etmədim. 13 il Sultanla ailəli olmuşuq, yoldaşımla ailəsi arasında yaxşı münasibət olduğunu görməmişəm.
Hadisə günü Sədi üstümə gələn kimi müxtəlif nahiyələrimdən bıçaqla vurmağa başladı. Sədi hər zərbə endirəndə mənə - “Bu günü gözləyirdim ki, sən gələsən” – deyirdi. Səsimə anam Pakizə gəldi. Sədi bıçağı sinəmə vurmaq istəyəndə daşı götürüb onun başına 3 dəfə vurdum. Sədini bağışlamamışam”.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Sədi Əliyev 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Fidan İlqar