Günümüzdə tibb sahəsinin ən çətin və eyni zamanda ən faydalı peşələrindən biri cərrahiyyə sahəsidir. Elə bir neçə gün öncə uzun illər kimya fənnindən dərs deyən Əlfəddin müəllimi 18 il sonra öz şagirdi, cərrah Pərvin Mirzəliyevin əməliyyat etməsi bu sahəni yenidən gündəmə gətirdi.
Shimal.News-un əməkdaşı son günlər sosial şəbəkələrdə müəllimini əməliyyat etməsi ilə gündəmə gələn cərrah Pərvin Mirzəliyev ilə həmsöhbət olub.
Onunla müsahibəni təqdim edirik:
– Pərvin bəy, öncə özünüzü təqdim edin. Neçənci ildə, harada doğulmusunuz? Hansı məktəbdə təhsil almısınız?
– Mən Pərvin Faiq oğlu Mirzəliyev 1992-cü il Quba rayonu, Qəçrəş kəndində dünyaya gəlmişəm. 6-cı sinifə qədər Qəçrəş kənd orta məktəbində, sonra Quba Özəl Liseyində təhsil almışam. Həmin liseyi qırmızı attestatla bitirmişəm. Bu illər ərzində kimya üzrə ölkə birinciliyi, Azərbaycan dili üzrə ölkə ikinciliyi, beynəlxalq olimpiadalarda birinciliklər və s. olmaqla 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışam.
– Təhsilinizi harada davam etdirdiniz?
– 2010-2016-cı ildə Azərbaycan Tibb Universitetində təhsil almışam. 2016-cı ildə rezidentura imtahanı ilə Neyrocərrahiyyə xəstəxanasında Neyrocərrah ixtisası üzrə 2018-ci ilə qədər, yəni ortalama 2 il rezident olmuşam. Sonra istefa etdim. Elə həmin ildə TUS imtahanında uğur qazanaraq Türkiyənin Ankara Gazi Universitet Xəstəxanasında Beyin və sinir cərrahiyyəsi üzrə (2018-2024) 6 il uzmanlıq təhsili almışam. Təhsilimi bitirib vətənə qayıtdım.
– Bu sahəyə necə maraq göstərməyə başladınız?
– Sahəyə marağım tibb təhsili aldığım zamanlardan başlayıb. Beyin cərrahiyyəsi tibbin “elit” və ən çətin sahəsi sayılır. Eyni zamanda, icra etdiyim işin cəmiyyətdə yüksək hörmət qoyulduğuna görə həkim olmağa qərar verdim. İçimdə ən çətin işin öhdəsindən gəlmə hissini bu sahədə gerçəkləşdirə biləcəyimi anladığım üçün məhz bu peşəni seçdim.
– Ən çətin əməliyyatlarınızdan biri haqqında danışardınız.
– Bu sahədə çətin, rahat anlayışı yoxdur. Rahatlıq o zaman olur ki, təcrübənə və özünə güvənirsən. Artıq icra edəcəyin əməliyyatın asanlıqla öhdəsindən gələcəyini düşünürsən. Bu tərəfdən çətin əməliyyatım olmayıb, sadəcə mövcud şərtlərlə vicdani olaraq əziyyət çəkdiyim əməliyyatlarım çoxdur.
13-15 saat davam edən əməliyyatlarımız olub. Bunlardan biri bu yaxınlarda əməliyyat etdiyim 3 yaşlı qubalı qızdır. 5 aydır beyin kötüyü xərçəngindən əziyyət çəkirdi. Həyatla ölüm arasında çabalayan və dəhşətli dərəcədə çəki itirən qızcığazın üzərində uğurlu əməliyyat edənə qədər çox əziyyət çəkdik. Törəmənin təxminən yarısını çıxara bildim, digər yarısının içərisində sinir damar dəstələri var idi. Əməliyyata davam edib digər törəmələri də çıxarsaydım, qıza zərər vuracaqdım. Buna qərar vermək anı ən çətin vəziyyətim sayıla bilər. Bu əməliyyatın məndə yaratdığı hissləri təsvir etmək mümkün deyil. Təsəvvür edin ki, törəməni görürsən, amma müəyyən səbəblərə görə müdaxilə edə bilmirsən.
İnsult xəstələri ilə bağlı icra etdiyimiz ”Bypass” (üz damarlarının beyin damarlarına calaq edilməsi) əməliyyatı da çox çətin əməliyyatlardandır. Bu günə qədər Azərbaycanda belə əməliyyat keçirilmədiyi üçün çox çətin idi. Bu da üzərimizə düşən yükü daha da ağırlaşdırırdı.
Beyin kötüyü damarlarının malformasiyasi (AVM) əməliyyatı da çətinlərdən sayılır. 13 yaşında beyin kötüyü qanaması keçirən və bizə gec müraciət edən pasientimiz var. Sözün əsl mənasında qızı ölümün pəncəsindən xilas etdik. 6 ay ərzində müxtəlif cərrahi müdaxilələr etdik. Əsas əməliyyat isə 13 saat davam etdi və nəhayət, xəstəni normal vəziyyətə gətirə bildik.
Belə nümunələri çox saymaq olar.
– Xəstələrinizə əməliyyat riskləri haqqında necə məlumat verirsiniz?
– Mən xəstələrimə və xəstə yaxınlarına əvvəlcədən MRT və digər analiz və təhlilləri anlayacaqları sadə dildə başa salıram. Əməliyyatdan sonra nələrin olacağını, hansı prosesin gedəcəyini izah edirəm. Son olaraq isə, bu məlumatlar çərçivəsində yaranan sualları cavablandırıram.
– Cərrahiyyə sahəsində gələcəkdə hansı inkişafları gözləyirsiniz?
– Bu məsələ ilə bağlı öz sahəmdən danışım. Əminəm ki, bu şəkildə yorulmadan davam etsək, Azərbaycan Beyin və sinir cərrahiyyəsini yaxın illərdə 1-ci sıraya yüksəldəcəyik. Bu bəlkə kimlərəsə inandırıcı gəlməyə bilər. Amma gördüyümüz işlər, sahib olduğumuz elmi bilik və təcrübə sayəsində bundan əminəm.
– Müəlliminizlə olan əməliyyat sizi gündəmə gətirdi. Bu barədə danışardınız
– Müəllimimin mənim üzərimdə əməyi çox olub. Şagird olanda onun necə əziyyət çəkərək mənə dərs dediyini anlamırdım. Amma bu işin içində olduqdan sonra fərqinə varırsan. Bəzi hislərin yazılaraq təsvir edilməsi çətindir. Bunlar qarşılıqsız əziyyətlər olub. Onun etdiyini etmək üçün dərin iradəyə, dərin şəxsiyyətə və güclü hisslərə sahib olmaq lazımdır. Ən azından bunun cüzi bir hissəsini vəfa borcu olaraq qaytarmaq lazımdır, təbii ki, onun əziyyəti ilə mənim əziyyətimi müqayisə bele etmək olmaz.
– Müəlliminizin üzərində apardığınız əməliyyat nə idi? Hansı problemi vardı?
– 2006-cı ildə beyində xoşxassəli törəmə (Meningioma) səbəbilə əməliyyat olunub. Əməliyyat bitdikdən sonra kəllə qapağı yerinə qoyulmayıb. Səbəbini bilmirəm. Əməliyyatdan sonra nitqində qüsurlar yaranıb, danışmaqda çətinlik çəkib, sağ ətrafları hərəkətsiz qalıb. Bir müddət sonra sağ ətrafları bir az işlək olsa da, köməksiz, dəstəksiz hərəkət edə bilməyib və şiddətli baş ağrıları yaranıb. Onun beyninə təzyiq edən iki törəmə var idi. Biz əməliyyat edərək, törəmələri götürdük. Müəllim xəstəxanadan buraxılanda sərbəst hərəkət edirdi.
– Bəs, müəlliminiz sizin qəbulunuza necə düşdü? Sizi bilərək gəlmişdi?
– Təbii ki, kəndimizin insanlarının səhhəti ilə maraqlanıram. Problemi olanlara yardımçı oluruq deyə hamısını tanıyıram. Bu səbəblə müəllim bizə müraciət etdi.
– Öz rayonunuzda işləmək fikriniz necə yarandı?
– Milli ruhlu böyümüşəm. Hisslərindən, keçmişindən, yanaşmasından asılı olmayaq vətəndaşıma qarşı hörmətim, dəyərim sorğulanmaz olub. Vətən müharibəsində oradakı təhsili yarımçıq qoyaraq müharibədə iştirak etmişəm. Təbii ki, bu, mənim vətənə, millətimə olan bağlılığımdan iləri gəlir. Burada, vətənimdə tibb sahəsində peşəkar həkimlərə ehtiyac çoxdur. Vətəndaşlarımız xaricə üz tutur, əziyyət çəkirlər. Bu məsələdə əziyyət çəkməsinlər deyə, ən azından beyin cərrahiyyəsində biz buna nail oluruq.