“Məni xəstəxanada tək qoyub evə qayıtdı. Mən də əsəbiləşib bıçaqladım”.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında atasının ona laqeyd davrandığına görə bıçaqlamada təqsirləndirilən Rövşən Əliyev (ad şərtidir) deyib.

Belə ki, bu ilin yanvarın 22-də 1983-cü il təvəllüdlü epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkən Rövşən Əliyevin dizində problem yaranıb. Həkim müayinəsi üçün atası ilə bərabər Abşeron Rayon Mərkəzi Xəstəxanasına gediblər. Müayinə bitdikdən sonra atası “Təzə bazar”a alış-veriş üçün gedəcəyini bildirib. Rövşənin isə evə tək qayıtmasını deyib. Onu tək qoyduğu üçün qəzəblənən Rövşən atasını bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Təqsirləndirilən Rövşən Əliyev məhkəmə istintaqının əvvəlində özünü cinayət üzrə təqsirli bilməyib. O, ifadəsində qeyd edib:

“Valideynlərimlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayıram. Atamla münasibətimiz daim normal olub. Heç bir ədavətimiz, davamız olmayıb. Epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyim üçün dövlət tərəfindən mənə “İİ dərəcəli əlil” statusu verilib. Baş vermiş hadisədən bir neçə gün əvvəl atamla aramızda mübahisə yaranmışdı. Hadisə günü dizimdə yaranan problemə görə atamla Abşeron rayon Mərkəzi Xəstəxanasına getdik. Müayinə olunduqdan sonra atam alış-veriş üçün Xırdalan şəhərində yerləşən “Təzə bazar”a gedəcəyini dedi. Mən də evə tək qayıtmalı oldum. Təxminən 1 saat sonra evə gələndə atamın mətbəxin döşəməsinə yıxıldığını gördüm. Anamdan nə olduğunu soruşanda “Atan yıxılıb, böyrünə bıçaq batıb” cavabını verdi. Mən atama heç bir xəsarət yetirməmişəm. Atamın istintaqda niyə onu mənim bıçaqladığımı deməsi barədə isə heç bir fikrim yoxdur”.

Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Asif Əliyev (ad şərtidir) ifadəsində deyib ki, oğlu Rövşən psixi problemləri əlaqədar bir çox tibb müəssisələrində stasionar müalicədə olub:

“Həmçinin o, epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəliyi şiddətlənən zaman dili qatlanmış və yerə yıxılaraq huşunu itirdi. Maddi vəziyyətim yaxşı olmadığı üçün onu müalicə etdirə bilmədim.

Rövşənin vəziyyətinin pisləşdiyini gördüyüm üçün onu xəstəxanaya apardım. Xəstəxanada növbə gözləyən vaxt qəflətən Rövşənin özünü pis hiss etdiyini gördüm.

O, anidən danışığını itirərək qışqırmağa başladı və ünvansız söyüşlər söydü. Onu xəstəxanada təkbaşına qoyaraq oradan uzaqlaşdım. Alış-veriş etmək məqsədilə marşrut avtobusu ilə Xırdalanda yerləşən bazara yollandım. Bazarlıq etdikdən sonra yaşadığım Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evə getdim. Həmin vaxt arvadım evdə idi. Yemək yeməyə başladım. 1 saat sonra oğlum evə gəlib qışqırmağa başladı. “Məni niyə orda qoyub gəlmisən?” ifadəsini işlətdi. Mən də “Canımdan bezmişəm. Yaşlı adamam. Neçə ildi səni aparıb-gətirirəm” dedim.

Rövşən daha da əsəbiləşdi, mətbəxdən götürdüyü bıçaqla məni vurdu. Doğma oğlumdu, heç bir şikayətim yoxdur”.

Tərəflər ifadə verdikdən sonra məhkəmə istintaqının sonunda Rövşən Əliyev özünü cinayət üzrə təqsirli bildiyini, əməlini səmimi etiraf edərək peşman olduğunu, hadisənin ani olaraq baş verdiyini, atası ilə barışdığını açıqlayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Rövşən Əliyev cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Rövşən Əliyev 3 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar