Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq. Bu barədə 22 avqust tarixində Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək.
Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357 181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.
Super Ay hadisəsini Azərbaycan ərazisində avqustun 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə, ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu, o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.
Super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur.