Dünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadanın riyaziyyat elmləri sahəsində araşdırmalar aparan Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb. Bu barədə 28 iyun tarixində Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Fields İnstitutu “Fields İnstitute Fellows” adlandırılan ömürlük mükafatı 2002-ci ildə – 10 illik yubileyi münasibətilə təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafatlar Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfələr verən görkəmli tədqiqatçı alimlərə verilir.
Qeyd olunub ki, azərbaycanlı elm xadimi dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq, Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.
Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin və Fields İnstitutunun dəvəti ilə 2018-ci ildə “Dean`s Distinguished Visiting Professor” statusunda bir semestr boyu Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Bu ali məktəblər və elmi mərkəzlər, adətən, “Dean`s Distinguished Visiting Professor” statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edir.
Xatırladaq ki, 1991-ci ildən Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı 1953-cü il oktyabrın 21-də Zaqatala rayonunda anadan olub. O, 32 il Almaniyada daimi yaşamasına və professor kimi çalışmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalır.
Həmyerlimiz 1989-cu ildə birgə elmi tədqiqatlar aparmaq üçün ABŞ-nin Merilend Universiteti tərəfindən bu ölkəyə dəvət olunub. Humboldt mükafatına layiq görüləndən sonra elmi fəaliyyətini Almaniyada davam etdirib. İndiyədək Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində, eləcə də Yaponiya, Avropa, Kanada və ABŞ-nin əksər aparıcı universitetlərində dərs deyib.
On aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktorudur. Yaponiya, Almaniya, ABŞ və İsveçrədə ingilis dilində çap olunmuş 8 kitabın müəllifidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə Məsud Əfəndiyev elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
[gallery link="file" columns="1" size="full" ids="120508"]