İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək. Bu barədə Report 5 iyul tarixində xəbər verir.
Yaxın günlərdə Yer kürəsinin sakinləri maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər - planetimiz öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçir.
Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir. 2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək. Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq.
[caption id="attachment_120998" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]
Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.
Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meyilli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.