Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən yaşlı iti - portuqaliyalı mastif Bobi 31 yaşını qeyd edib. Bu barədə 1news.az məlumat paylaşıb.
Bobi - Portuqal Gözətçisi və ya Portuqal Mastifi də adlandırılan Rafeiro do Alentejo cinsinin saf nümayəndəsidir. Çoban iti kimi yetişdirilən bu itlərin orta ömrü 12-14 ildir.
O və daha üç bala 1992-ci ildə Portuqaliyanın Leiria rayonunda Cira adlı itin ailəsində anadan olub. New York Times qəzetinə müsahibəsində uzunömürlü itin 38 yaşlı sahibi Leonel Kosta deyir ki, o vaxt ailəsinin çoxlu heyvanları var idi. Bu səbəbdən də valideynləri itin balalarından qurtulmaq istəyiblər. Lakin Bobi gizlənir və beləliklə, sağ qalır. Böyüklər onu taparkən özlərində saxlamaq qərarına gəlirlər.
İtin sahibi qeyd edir ki, Bobinin uzunömürlü olmasının səbəbi şəhərdən uzaqda olan sakit mühit və hərəkət azadlığıdır - it heç vaxt zəncirdə saxlanılmayıb. Digər səbəblərdən biri isə Bobinin evdə hazırlanmış və suda isladılmış yemək yeməsidir.
"Əgər Bobi danışsaydı, uzunömürlülüyünün səbəbini ancaq o izah edə bilərdi", - Leonel Kosta deyib.
Bobi ötən əsrin birinci yarısından bəri qeydə alınan rekordu qırdı. Əvvəllər tarixdə ən yaşlı it 29 il 5 ay yaşamış Blui (1910-1939) adlı avstraliyalı çoban iti idi.