İnstagram və Telegram-da yeni kiberüsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Bu barədə 5 avqust tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 İnstagram səhifəsinin və 31 Telegram kanalının bağlanması təmin edilib.
Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.
Sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri – 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.
Onlarda narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsilə leqallaşdırıblar.
Məlumatda qeyd edilib ki, aşkarlanan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.