“Titanik” gəmisinin sağ qalan sərnişinlərinin hədiyyəsi olan qızıl medalyon hərracda rekord məbləğə satılıb.
“BBC”nin “Henry Aldridge and Son” hərrac evinə istinadən verdiyi məlumata görə, 18 karat qızıldan hazırlanmış medalyon 1912-ci ildə “Titanik” faciəsindən sağ çıxan sərnişinlər tərəfindən hədiyyə olunub. Medalyonun üzərində “Dərin minnətdarlıq və təşəkkürlə təqdim edilir” yazısı həkk olunub.
Medalyon ABŞ-dən olan bir kolleksiyaçı tərəfindən 2 milyon dollara alınıb. Bu məbləğ, “Titanik”lə bağlı əşya üçün indiyə qədər ödənilən ən yüksək qiymət hesab edilir. Əvvəlki rekord aprel ayında, həmin hərrac evində 1,5 milyon dollara satılmış Astorun qızıl cib saatına aid idi.