Türkiyənin ilk müşahidə peyki olan İMECE ABŞ-nin Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb. Bu barədə 15 aprel tarixində TRT telekanalı məlumat verib.
Buna qədər bir neçə dəfə təxirə salınmış raket buraxılışı “SpaceX” tərəfindən cümə günü yerli vaxtla saat 23:47-də həyata keçirilib.
Türkiyənin müdafiə naziri Hulusi Akar TRT-də çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.
İMECE Yerin müşahidə peykidir. Qurğu yüksək ayırdetmə qabiliyyətinə malik təsvirləri qəbul edib ötürə biləcək ki, bundan da xüsusilə aqrar sektorda problemlərin həlli, eləcə də təbii fəlakətlərlə mübarizə və iqlim proseslərinin monitorinqində istifadə oluna bilər.