top
“Vətənim üçün çox darıxmışam” – Mohsen Namjoo: “Bakıya aşiq oldum”
22 oktyabr 2024, 08:00
- +

“Vətənim üçün çox darıxmışam” – Mohsen Namjoo: “Bakıya aşiq oldum”

HafizTimes.com-un budəfəki müsahibi Amerikada yaşayan məşhur iranlı müğənni, bəstəkar, musiqiçi Mohsen Namjoodur. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Mohsen Namjoo müsahibə zamanı mühüm məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini də ifadə edib:

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?

– Təəssüf ki, mən sizin gözəl ölkəniz Azərbaycanda olmamışam. Tətil və ya konsertlər üçün Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm. İllər öncə COVID-19 səbəbiylə Azərbaycanla bağlı bir neçə layihəm tamamlanmadı. (Azərbaycan mediasına müsahibə və Nyu-Yorkdakı Azərbaycan rəqs qrupu ilə layihə və s.) Bu, mənim Azərbaycanın mədəni ictimaiyyəti ilə ilk söhbət və müsahibəmdir.

– Nəyi gələcək üçün bir ümid hesab edirsiniz?

– Hazırda həyatımda çox şeylər müsbətə doğru dəyişib. Əvvəlki kimi tənha deyiləm. İndi evliyəm və çox xoşbəxtəm. Bəlkə də mənə ağıllı, əyləncəli, çox güman ki, sənətçi ruhlu, müstəqil düşüncəli biri lazım idi. Və çox şanslıyam ki, indi bütün bu xüsusiyyətlər həyat yoldaşım Azadə Axlaqidə cəmlənib. O, İrandakı tarixi hadisələri əks etdirən dizayn fotoqrafıdır. Həm də o, tarixçidir və bu barədə çoxlu kitabı var. Mən ondan ölkəniz haqqında çox şey öyrəndim. Sizə deyə bilərəm ki, bu evlilik mənə gələcək üçün çox motivasiya verir. Sənət və musiqi ilə bağlı çoxlu planlarım var. Yeni layihələrim olacaq.

[gallery columns="1" link="file" size="full" ids="200091"]

– Uğurlarınızı nəyə borclusunuz? Nəyi ən böyük uğurunuz hesab edirsiniz?

– Bu dünyada baş verən bütün siyasi-ictimai situasiyalarda, hadisələrdə dürüstlük görmürəm. Və buna görə də mən xarici həyatımda deyil, daxili – şəxsi həyatımda optimistəm. Uğurla bağlı sualınıza gəlincə, mən özümü həqiqətən uğurlu insan hesab etmirəm. Çünki uğur nisbi bir şeydir. Həmçinin, insanın uğurla bağlı fikirləri tez-tez dəyişir. Məsələn, 20-25 yaşım olanda mənim uğurumun zirvəsi İran musiqisindəki yaşlı maestrolarımdan bəzilərini məmnun etmək idi. Məsələn, İran musiqisinin nəhəngləri Kayhan Kalhor, Hüseyn Əlizadə, Məhəmməd Rza Dərbişi və ya Pərviz Meşkatyan. Onların məni qəbul edib, işimi təsdiqləmələri mənim üçün çox önəmli idi. Həbs olunanda, univeristetdə təhsil alanda, 25 yaşımda hərbi xidmətə gedəndən sonra pulsuz, motivasiyasız qalanda, sənətlə bütün bağlarım kəsiləndə çox ağır bir həyat yaşadım. Sadəcə olaraq, xəyallarım vardı. Amma 31 yaşımda həmin musiqi maestroları məni qəbul etdilər. Bəziləri isə mənimlə şəxsi münasibət qurdular, musiqimlə bağlı müsahibələr də verdilər. Bunun uğur olduğunu düşündüm. Amma indi uğur anlayışına baxışım çox fərqlidir. Populyar olub-olmamasından asılı olmayaraq, daha çox sənətlə məşğul olmağı planlaşdırıram.

– Siz öz dəyərlərinizi musiqiyə necə tətbiq edirsiniz?

– Bu, çox yaxşı sualdır və məni düşünməyə vadar etdi. Musiqi və ədəbiyyatın böyük dünyasında mən onların arasında seçim edə bilmərəm. Çünki istənilən dildə sözə, saitlərə, səslərə, əlifba hərflərinə formalist yanaşma kimi “forma” dediyimiz hər şeyin mənim üçün bir xarakteri var. Və onlarla oynamaq, onları yan-yana qoymaq və labirintlərə, mürəkkəb ritm dünyasına daxil olmaqla və s. mən öz  dəyərlərimi musiqiyə belə tətbiq edirəm. Əslində, musiqi, ritm, melodiya, harmoniya elementləri arasında mənim üçün birinci dəyər ritmdir. Mənim fikrimcə, melodiya sizə romantizm və emosiyalar, ritm isə şüur ​​verir. Məsələn, bir ay sonra işıq üzü görəcək sonuncu kitabım ritm nümunələrindən bəhs edir.

– Mahnılarınızın ilham mənbəyi nədir?

– Mahnılarımın ilham mənbəyi mütləq həyatın özüdür. Təbii ki, nadir hallarda mənim ilhamımın ictimai və ya siyasi fəaliyyətlərdən qaynaqlanması da baş verir. Amma mən həmişə bundan qaçıram. Bunun sənət olduğunu düşünmürəm.

[gallery link="file" columns="1" size="full" ids="200092"]

– Haqqınızda ən böyük yanlış təsəvvür nədir?

– Müxtəlif yanlış təsəvvürlər var idi. Onlardan biri bu idi ki, mən fars dilində heç bir mənası olmayan şeir axtarıram. Qətiyyən belə deyil. Formaları sevirəm. İnanıram ki, forma öz yerində olanda mütləq sizə çoxlu məzmun növləri də bəxş edir. Bu, yalnız əlifbanın hərflərini və sözləri sevmək deyil. Həmçinin o demək deyil ki, mən mənalı şeylərdən uzaqlaşacağam. Siz sadəcə məna haqqında danışmırsınız və həm də formanın gözəlliyinə diqqət yetirirsiniz. Şübhəsiz ki, bu gözəllik sizə çoxlu məzmun və məna verir. Əslində, ən yaxşı məzmun yaxşı formadadır.

Başqa bir yanlış təsəvvür isə şəxsi həyatımla bağlı idi. İllər boyu bəzi insanlar mənim çox yaramaz və ya şən, həmişə, hər şeylə əylənən bir insan olduğumu düşünürdülər. Amma reallıq budur ki, bunlar mənim həyat tərzimdən kənar bir görüntüdür. Səhər yuxudan oyanıram və mütləq musiqi, yazmaq, oxumaq və ya kinoya aid bir şeylə məşğul oluram. Bu yay çox xoşbəxtəm, çünki həyətimdə əkin üçün yaxşı bitkilər də var. Mənim həyatım çox sadə və sakitdir.

Bir çox insan düşünür ki, Namjoo bütün musiqilərində şərq və qərbi qarışdırır. Amma yox, sadəcə bir neçə mahnı və ya musiqi parçasında belə etdim.

Haqqımdakı ən böyük yanlış fikir isə qeyri-iranlı tamaşaçıların və ya medianın mənim siyasi sənətçi olduğumu düşünməsidir. Bu, həqiqətən kədərli bir yanlış təsəvvürdür. Mən siyasi sənətçi deyiləm.

– Hansı kitab sizin həyatınızı dəyişdi?

– 19-20 yaşımda olanda bir kitab oxumuşdum, təəssüf ki, fars dilindən başqa heç bir dilə tərcümə olunmayıb. Bu kitab fransız dilini bilən və fransız dilində çoxlu kitablar yazan Darius Shaikhan tərəfindən orijinal farsca yazılmışdı. Adı “Qərbin qarşısında Asiya” idi. Darius Shaikhanın o kitabı həqiqətən də həyatımı dəyişdi. Belə bir düşüncə sistemini beynimdə yaratdı, biz qədim zamanlarda şərqin bir hissəsi idik, indi isə üçüncü dünya ölkələrinin bir hissəsiyik.

– Aşdığınız ən böyük maneə nə olub?

– Bu, çox aydındır. Mənim vətənim! Başıma gələn siyasi vəziyyətə görə vətənim üçün çox darıxmışam. Anam üçün darıxdım, o da dünyasını dəyişdi. O daha bu dünyada yaşamır. Ölkəm və doğma şəhərim, Xorasan, Məşəd üçün darıxıram. Küçələr, insanlar, mağazalar və dilim üçün darıxıram. Bu, ən böyük maneədir. Mən hələ də ümid edirəm.

[gallery link="file" columns="1" size="full" ids="200093"]

– Gələcəklə bağlı planlarınız nədən ibarətdir?

– Həmişə fikirləşirəm ki, vaxt qiymətlidir, həyat isə qısadır. Biz sadəcə qaçmalı, qaçmalı, qaçmalı və nəsə etməliyik. Mən isə artıq qocalıram. Həm də mükəmməlliyim getdikcə azalır. Düşünürəm ki, yarım qalmış layihələrim var. Çoxlu melodiyalar, ideya və sözlər var ki, onları istehsal etməliyəm. Gələcəkdə ilk işim İranın İslam İnqilabından sonrakı müasir tarixinə şifahi və ya bəlkə də səsli səyahət haqqında layihəm olacaq. İnsanların, dövlət adamlarının, mollaların və şeyxlərin çoxlu səslərini, cizgi filmləri və televiziya musiqilərini, mühazirələri toplayıb çoxaltmışam. Və demək olar ki, hazır bir layihədir. 50-55 dəqiqəlik musiqi olacaq. Bu, yalnız bir trekdir. Həm də ritmlərdən bəhs edən bir kitab üzərində çalışıram. Kitabın adı isə “Hanzala”dır.  O, fars dilində ilk şairlərdən biridir. Həmçinin, həyat yoldaşım İranın müasir tarixində baş verən hadisələrin real fotolarından ibarət yeni layihə üzərində çalışır. Mən də ona kömək edirəm.

– Tərəqqiyə doğru atdığımız addımlar insanlığımızdan nələri götürdü?

– Bu, mənə verdiyiniz ən fəlsəfi sualdır. Biz itmişik. Düşünürəm ki, biz insanlar olaraq irəliləyiş əldə etdiyimiz bir vaxtda, hazırda hər şeyin asan və əlçatan olduğuna görə saxta xoşbəxtik. Bəlkə bir neçə il sonra evimizin qapısının açarını, smartfonumuzu və ya hər şeyimizi əlimizdə skan edə bilərik. Yaxud da insanın geninin dəyişdirilməsi. Bu məni çox qorxudur. Həqiqətən də inandığım dünya deyil. İnsanlar tərəqqinin məzmunu ilə aldandıqları üçün daha çox itirdiklərini belə düşünmürlər. İnsanların öz “follower”lərinə itaət etdikləri kimi. Biz sadəcə olaraq nəyisə “follow” edirik. Amma hər kəs izləyici olmaqdan qaça bilər. Hamı özü üçün ustad, ali rəhbər ola bilər. Amma sivilizasiya və tərəqqi ideyası bizi quzuya, qoyuna çevirir. Mən bu irəliləyişlə bağlı optimist deyiləm.

– Sizcə, azadlıq nədir?

– İlk növbədə, azadlıq və ədalət arasındakı paradoksa nəzər salmalıyıq. İnsan öz tarixi boyu onlardan birini axtarır, digərini əldən verirdi. Məsələn, 19-cu əsrin sonlarında marksizm ortaya çıxanda və müxtəlif ölkələrdə bir çox hərəkatlar solçu insanlar qrupu ilə bağlı idi, onlar ədalət və bərabərlik axtarırdılar və hər şey hamı üçün eyni olmalı idi. Beləliklə, axmaq fikir bu idi ki, biz hər şeyə nəzarəti tamam hökumətə veririk və o, hər şeyi hamımıza bərabər şəkildə çatdırır. Nəticə nə oldu? Azadlıq əldən getdi. Azadlıq burada qurban oldu, öldürüldü. Sosialist ölkələrinin bir çoxunun tarixinə baxarkən bunu görə bilərsiniz. Başqa bir tərəf də mövcuddur. Məsələn, Kanada, ABŞ və Avstraliyanı düşünəndə bu, hər kəsə azadlıq vermək ideyasına əsaslanır. Daha ağıllı olanda başqalarını ötüb daha çox pul qazana bilərsən. Və ya daha çox çalışanda hamıdan yüksək ola bilərsən. Nəticə nədir? Ədalət əldən gedir. Bu ölkələrdə də ədalət öldürülür. Həmin ölkələrdə müxtəlif gəlir dərəcələri həqiqətən də inanılmaz və ədalətsizdir. Bu, insanın sonsuz hekayəsidir: ədalət və azadlıq. Bu iki şey bir-biri ilə əbədi mübarizə aparacaq və bunun həlli yoxdur. Sadəcə ola bilsin ki, biz həmişə tarazlıq axtarırıq.

[gallery link="file" columns="1" size="full" ids="200094"]

– Dinin həyatınızdakı rolu nədir? Dinlə bağlı fikirlərinizi bilmək istərdik.

– Özümü qətiyyən dindar adlandıra bilmərəm. Mən yeniyetmə ikən bunu yavaş-yavaş parodiya etməyə başladım. Bu, 29-30 yaşıma qədər, bəlkə də immiqrasiyadan öncəyə kimi davam etdi. 2008-ci ildə İrandan çıxmağa məcbur edildim. Hər halda, o illər ərzində fikirləşirdim ki, dindar olmaq ağılsızlıqdır və din bizim problemlərimizə cavab vermir. Mənim başıma gələnlərdən sonra bunu daha yaxşı anladım. Nəticə budur ki, bu yaşda dindar olmaq lazım deyil. Ancaq şübhəsiz ki, üç ölçülü dünyadan başqa bir şey var. Bu, o demək deyil ki, biz ora gedirik. Biz sadəcə, Allaha və ya başqa bir şeyə inana bilərik. Təbiət təkcə gördüyümüz təbiət deyil. İnanıram ki, təbiətdə bəzi qüvvələr də var. Mən dindar deyiləm. Dindarlara da hörmətim var.

– Ən böyük qorxunuz nədir?

– Ən böyük qorxum anam üçün darıxmaqdır. Və tənha qalanda başıma gələnləri xatırlaya bilirəm. Bu, Nyu Yorkda 2019-cu ildə baş verdi. Ətrafımda çoxlu konsertlər, tamaşaçılar, insanlar və dostlarım var idi. Amma mən tamamilə tənha idim. Mənim qorxum ailəmin digər üzvlərini itirməkdir.

– Bizi insan olaraq xeyirlə şər arasında seçim etməyə vadar edən bir şey varmı?

– Bu da yaxşı sualdır, çünki bu barədə heç vaxt düşünməmişəm. Biz həqiqətən də yaxşı və pis arasında seçim etmirik. Sanki, kiməsə və ya nəyəsə çevrilirik; varlığımızın bir hissəsi yaxşı şeyə inanmaq və digər bir hissəsi isə pisliyə inanmaqdır. Biz qismən yaxşıyıq, həm də bacarıqlıyıq. Biz bunu seçmirik. Düşünürəm ki, bu, bizim başımıza gəlir. Bu, fəlsəfi baxımdan o demək deyil ki, determinizm və ya seçim gücü arasında mən birinci olacağam. Yox. Mən insanın hər yola cəhd edən biri olduğuna inanıram.

[gallery link="file" columns="1" size="full" ids="200095"]

– İranın gələcəyini necə təsəvvür edirsiniz? Məşhəd şəhərinə nə vaxt qayıdacaqsınız?

– İranın gələcəyi haqqında demokratiyaya, azadlığa sahib olmaq kimi terminlər, poetik və romantik ifadələrlə danışmaq istəmirəm. Mən sizə İran üçün uyğun olan bir “rejim” sözündən bəhs edə bilərəm. Mən İran xalqına inanıram. Qonşularımız olan digər ölkələr haqqında danışmayacağam. Amma İran xalqı hər dəfə bir krallıqdan qurtulmağa çalışdıqda, başqa bir krallığı seçdi. İnanıram ki, despotizm və ali liderlərə tabe olmaq bizim DNT-də var. Məsələn, söz azadlığı əldə etdikdə bir-birimizlə danışmırıq, bir-birimizi öldürürük. “Twitter”dəki (X) iranlılar və bir çox başqa nümunələr göstərə bilərəm. Ona görə də buna ehtiyacımız olduğuna inanmıram. Bizə İranda demokratiya lazımdır. Hesab edirəm ki, parlament sistemi İran üçün daha yaxşıdır. Əgər müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərərsə və insanlar onlara səs verə bilsə, o zaman istənilən partiya baş naziri və ya prezidenti seçə bilər. Bu kifayət qədər yaxşıdır. Amma İsveç, Danimarka və ya Avstriya kimi ölkələrin, qərb yolunun İran üçün uyğun olduğunu düşünmürəm.

– Azərbaycan, Bakıda Mohsen Namjoonu sevən insanlara nə demək istərdiniz?

– Xüsusən də ailə qurduqdan sonra Bakıya aşiq oldum. Çünki, həyat yoldaşımdan Azərbaycan haqqında çox şey eşitmişəm. İrandakı bir çox mədəni və siyasi adamlar xaricə getməli olduqları zaman bizim Avropaya ilk çıxış təcrübəmiz Bakıdan keçirdi. Çünki onlar Xəzər dənizindəki Bəndər-Ənzəli və ya Rəştdən Bakıya gələn gəmilərə minirdilər. Daha sonra Bakıdan dəmir yolu və ya maşınla Avropaya gedirdilər. Bakı mənim üçün həqiqətən mənalı bir şəhərdir. Bakıda konsert vermək istəyirəm. Ümid edirəm ki, bir gün gerçəkləşəcək.

Hafiz Əhmədov

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Oxşar xəbərlər