ABŞ-nin Florida ştatında yaşayan 77 yaşlı qadın NASA-nın Kennedi Kosmik Mərkəzinin yaxınlığında qar adamına (biqfut) bənzəyən sirli varlıq gördüyünü iddia edib.
"Female First" nəşrinin məlumatına görə, Geyl Kent həyat yoldaşı Bob ilə birlikdə avtomobillə Merritt adasındakı təbiət qoruğundan keçərkən hündür otların arasında qeyri-adi bir fiqur görüb.
Qadının sözlərinə görə, varlıq onun təsəvvür etdiyindən daha arıq olub. Tünd rəngli tüklərlə örtülmüş naməlum canlı iki ayaq üzərində hərəkət edirmiş.
Kent bildirib ki, varlıq ağaclara doğru gedərək gözdən itib. Həyat yoldaşı isə diqqətini yola yönəltdiyindən heç nə görməyib. Cütlük hadisə yerinə qayıtdıqda sirli canlı artıq orada olmayıb.
Hadisə qar adamı ilə bağlı məlumatları araşdıran Bigfoot Field Researchers Organization (BFRO) təşkilatının da marağına səbəb olub. Qurumun nümayəndəsi Metyu Manimeyker hadisənin şahidləri ilə söhbət edib.
Tədqiqatçı xatırladıb ki, sözügedən qoruqda ayılar yaşayır. Lakin təqaüdçü qadın gördüyü varlığın ayı olmadığına əmin olduğunu bildirib.
Manimeyker ehtimal olunan biqfutun kosmodroma yaxın ərazidə görünməsinə də zarafatla münasibət bildirib. Onun sözlərinə görə, əgər həmin ərazidə həqiqətən qar adamları yaşayırsa, yəqin ki, onlar NASA və SpaceX raketlərinin kosmosa buraxılışlarını dəfələrlə izləyiblər.
Qeyd edək ki, biqfut Şimali Amerika folklorunda meşələrdə yaşadığı iddia edilən, iri, tüklü və insana bənzər əfsanəvi varlıqdır. Onun həqiqətən mövcud olduğunu təsdiqləyən etibarlı elmi sübutlar yoxdur.
Bundan əvvəl isə Meksikada çəkildiyi bildirilən başqa bir müəmmalı görüntü internetdə müzakirələrə səbəb olub. Videoda uzun başı, iri qanadları və başının arxa hissəsində çıxıntısı olan naməlum uçan varlıq əks olunub. Sosial şəbəkə istifadəçiləri onun siluetini qədim uçan sürünənlərdən olan pterodaktillərə bənzədiblər.
Lakin həmin görüntüdəki varlığın nə olduğu da təsdiqlənməyib.