Bayram günlərində müntəzəm və qeyri-müntəzəm reyslə 28 863 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb. Bu barədə 9 noyabr tarixində Report Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibinə istinadən məlumat verib.
Onun sözlərinə görə, ən çox sərnişin axını noyabrın 5-də qeydə alınıb: “Bu sərnişinlərin daşınması üçün ümumilikdə 969 reys həyata keçirilib”.
Qurum sözçüsü, həmçinin əlavə edib ki, axın, əsasən, Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətlərində olub.
Avtovağzal rəsmisinin sözlərinə görə, vətəndaşlar biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə edə bilərlər.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi noyabrın 9-na qədər davam edəcək.