ABŞ-nin Kaliforniya ştatı sahillərində kruiz gəmisindən dənizə düşən pianoçunu balıqçılar xilas ediblər. Onun xilas edilənədək təxminən doqquz saat suda qaldığı ehtimal olunur.
Hadisə noyabrın 6-da Katalina adası yaxınlığında baş verib. Balıq ovundan qayıdan qayığın kapitanı sahildən təxminən 32 kilometr aralıda suda bir nəfəri görüb. Qayıqdakı balıqçılar Şon Norton və Qrant Qarret kişini sudan çıxararaq göyərtəyə qaldırıblar.
Xilas edilən kişi "Royal Caribbean" şirkətinin "Ovation of the Seas" kruiz gəmisində pianoçu işlədiyini bildirib. Nortonun sözlərinə görə, kişi onlara təşəkkür edərək "öləcəyimi düşünürdüm", – deyib.
Çağırışa gələn xilasedicilər kişini sahilə çatdırıblar. O, xəstəxanaya yerləşdirilib. ABŞ Sahil Mühafizəsinin məlumatına görə, onun həyatını xilas etmək mümkün olacaq. Pianoçunun gəmidən hansı şəraitdə dənizə düşdüyü araşdırılır.
Mənbə: cbsnews.cоm