ABŞ-nin Hindistandakı səfiri Sergio Qor Marko Rubionun yerinə dövlət katibi vəzifəsinə gətirilə bilər.
Bu barədə "The Washington Sun" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Rubio prezidentlik yarışına hazırlaşmaq üçün tutduğu vəzifədən ayrılmağı planlaşdıra bilər. Bu halda onun yerinə Sergio Qorun namizədliyi nəzərdən keçirilir. Bundan başqa, onun Ağ Ev Aparatının rəhbəri Syuzi Uaylsı və ya dövlət katibinin müavini Kris Landaunu əvəz edə biləcəyi də iddia olunur.
Qeyd olunur ki, Sergio Qor daha əvvəl ABŞ prezidentinin kadr məsələləri üzrə idarəsinə rəhbərlik edib, dövlət vəzifələrinə namizədlərin yoxlanılmasında iştirak edib və minlərlə məmurun təyinatında rol oynayıb. O, 2024-cü il prezident seçkiləri kampaniyasında da Donald Trampa dəstək verib.
Qorun siyasi təsirinin səfir vəzifəsi ilə məhdudlaşmadığı bildirilir. O, Cənubi və Mərkəzi Asiya istiqamətinə nəzarət edir, xarici ölkələrin rəsmiləri ilə görüşlərdə, o cümlədən Çinin xarici işlər naziri Van İ ilə təmaslarda iştirak edib. Həmçinin Marko Rubionun Özbəkistana səfərinin təşkilinə kömək göstərib.
Bununla belə, Sergio Qor vəzifə dəyişikliyi ilə bağlı yayılan məlumatları təkzib edib. O, bu xəbərləri "tamamilə cəfəngiyyat" adlandıraraq başqa vəzifəyə marağının olmadığını bildirib. ABŞ Dövlət Departamenti də sözügedən məlumatları anonim mənbələrə əsaslanan uydurma şayiələr kimi qiymətləndirib.
Məlumatda diqqətçəkən digər məqam Sergio Qorun mənşəyi ilə bağlıdır. O, əvvəllər özünü Maltadan olan mühacir kimi təqdim etsə də, jurnalist araşdırmaları nəticəsində 1986-cı ildə Daşkənddə, Sergey Qoroxovski adı ilə anadan olduğu üzə çıxıb.