Noyabrın 6-dan 7-nə keçən gecə Yer kürəsində maqnit qasırğası gözlənilir. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi geomaqnit fəallığın G1 səviyyəsinə çata biləcəyi barədə xəbərdarlıq yayıb.
Insanoid.com xəbər verir ki, NOAA-nın noyabrın 5-də yenilənmiş proqnozuna əsasən, geomaqnit fəallığın noyabrın 6-da artacağı, ayın 7-də isə zəif maqnit qasırğası səviyyəsinə yüksələcəyi ehtimal olunur.
Bakı vaxtı ilə ən fəal dövrün noyabrın 7-də saat 01:00-dan 07:00-dək müşahidə edilməsi proqnozlaşdırılır.
Bu müddətdə geomaqnit fəallığı göstərən Kp indeksinin 5-ə çatacağı gözlənilir. Bu isə NOAA-nın beşpilləli şkalasında ən aşağı qasırğa səviyyəsi olan G1-ə uyğundur.
Maqnit qasırğası niyə yaranır?
NOAA mütəxəssislərinin məlumatına görə, gözlənilən fəallıq Günəşin tacındakı dəliklərdən yayılan yüksək sürətli Günəş küləyi ilə əlaqədardır.
Günəşdən gələn yüklü hissəciklər Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək onun müvəqqəti dəyişməsinə səbəb olur. Bu hadisə geomaqnit qasırğası adlanır.
Maqnit qasırğalarının gücü G1-dən G5-ə qədər qiymətləndirilir. G1 zəif, G5 isə ən güclü səviyyə hesab edilir.
Telefon, internet və elektrik enerjisində problem yaranacaqmı?
G1 səviyyəli maqnit qasırğaları zamanı bəzi elektrik şəbəkələrində zəif dalğalanmalar, peyklərin fəaliyyətində isə kiçik texniki çətinliklər mümkündür.
Lakin belə təsirlər əsasən yüksək coğrafi enliklərdə müşahidə edilir. Hazırkı proqnoz Azərbaycanda kütləvi elektrik kəsintisi, internetin dayanması və ya mobil rabitənin sıradan çıxması gözləntisi yaratmır.
Maqnit qasırğalarının daha maraqlı nəticələrindən biri qütb parıltılarıdır. Geomaqnit fəallığın artması zamanı bu təbiət hadisəsi əsasən şimal və cənub enliklərində müşahidə oluna bilir.
Maqnit qasırğası başağrısı və təzyiq yaradırmı?
Maqnit qasırğaları ilə bağlı ən çox yayılan iddialardan biri onların başağrısı, yorğunluq, yuxusuzluq və arterial təzyiqin dəyişməsinə səbəb olmasıdır.
Lakin bu əlamətlərlə maqnit qasırğaları arasında birbaşa səbəb-nəticə əlaqəsi elmi baxımdan etibarlı şəkildə sübut edilməyib.
ABŞ Geoloji Xidməti (USGS) bildirir ki, Yerin maqnit sahəsində baş verən dəyişikliklər insanların sağlamlığına birbaşa təsir göstərmir. NASA da Yer atmosferinin və maqnit sahəsinin insanları kosmik hava hadisələrinin əsas təhlükələrindən qoruduğunu vurğulayır.
Buna görə də adi başağrısını və ya təzyiq dəyişikliklərini avtomatik olaraq maqnit qasırğası ilə əlaqələndirmək düzgün deyil.