Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər paketi çərçivəsində ölkədə fəaliyyət göstərən kuryerlər, taksi sürücüləri, gözəllik sektoru, eləcə də bir sıradır idxal və istehsal məhsulları üçün vergi qaydaları yenilənir.
Layihədə əksini tapan əsas yeniliklər aşağıdakılardır:
Kuryerlər üçün sabit vergi tətbiq olunur: Muzdlu işçi cəlb etmədən fərdi qaydada kuryerlik edən fiziki şəxslər üçün aylıq 15 manat məbləğində sadələşdirilmiş sabit vergi təklif olunur. Bu addım uçot aparmaqda çətinlik çəkən kuryerlərin inzibati yükünü azaltmaq və qeyri-rəsmi fəaliyyətin qarşısını almaq məqsədi daşıyır.
Taksi xidmətlərindən vergi tutulacaq: Operatorlar vasitəsilə sərnişindaşıma həyata keçirən taksi sürücülərinin qazandığı gəlirlərdən taksi sifarişi operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanacaq.
Gözəllik sektoruna 5 illik güzəştli rejim: Gözəllik xidmətləri göstərən şəxslərə 5 il müddətinə sadələşdirilmiş vergi hüququ (nağd dövriyyəyə 8%, nağdsız dövriyyəyə 6%) verilir. ƏDV ödəyicisi olan bərbərxana və gözəllik salonlarının POS-terminal vasitəsilə edildiyi nağdsız dövriyyəsinin 50%-i ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq.
Çipsiyə aksiz vergisi gəlir: Çipsi aksizli mallar siyahısına daxil edilir və yerli istehsalın hər kiloqramına görə 1 manat məbləğində aksiz vergisi tətbiq edilməsi nəzərdə tutulur.
Mobil cihazlar üzrə aksiz qaydaları dəqiqləşdirilir: 2026-cı ildən tətbiq edilən mobil cihaz aksizlərində yaranan mübahisəli məqamlar aradan qaldırılır. Ağıllı sayğaclar və kommunikasiya modulları kimi sırf fərdi rabitə təyinatı olmayan avadanlıqlar aksizdən kənar saxlanılacaq; aksiz yalnız SIM-kart və ya eSIM dəstəkləyən telefon, planşet və ağıllı saatlara şamil olunacaq.