Dünya üzrə yuxarı sinif şagirdlərinin bilik səviyyəsini müəyyən edən beynəlxalq reytinq cədvəli açıqlanıb.
İnsanoid.com xəbər verir ki, tədqiqat üç ana istiqamət üzrə aparılıb: təbiət elmləri (fizika, kimya, biologiya, coğrafiya), riyaziyyat və oxu savadlılığı (oxu sürəti, məlumatın mənimsənilməsi, tənqidi təfəkkür və s.). Ümumilikdə araşdırmada 91 ölkədən 760 mindən çox şagird iştirak edib.
Təqdim olunan göstəricilərə əsasən, Azərbaycan 401,7 orta balla 91 ölkə arasında 63-cü yeri tutub. Şagirdlərimiz təbiət elmləri üzrə 409, riyaziyyat üzrə 422, oxu savadlılığı üzrə isə 374 bal toplayıblar.
Reytinq cədvəlinə 578,7 balla Çin başçılıq edir. İlk beşlikdə həmçinin Sinqapur (552,7), Tayvan (531,3), Makao (530,3) və Yaponiya (522,0) yer alıb.