Azərbaycanda ikinci əl avtomobillərin satışı, ölkədaxili yükdaşıma və nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni dəyişikliklər təklif edilir.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, rəsmi dilerlər istehsal tarixindən 5 ildən çox keçməmiş və yalnız nağdsız qaydada alınmış ikinci əl avtomobilləri satarkən 3 il müddətində ƏDV-ni avtomobilin tam qiymətindən deyil, yalnız satışdan əldə etdikləri qazancdan – ticarət əlavəsindən ödəyə biləcəklər.
Digər dəyişiklik ölkədaxili yükdaşıma ilə məşğul olan sahibkarlara aiddir. Onlara 5 il müddətinə gəlirlərinin 8 faizi həcmində sadələşdirilmiş vergi ödəmək hüququnun verilməsi təklif olunur. Bu addımın kiçik daşıyıcılar üçün vergi prosedurlarını asanlaşdıracağı və qeyri-rəsmi fəaliyyətin azalmasına kömək edəcəyi gözlənilir.
Bundan başqa, nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi nəzərdə tutulur. Yeni qaydaya əsasən, avtomobillərin utilizasiyası, güzəştlər və birdəfəlik ödənişlər dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, sadalanan yeniliklər qanunvericiliyə təklif olunan dəyişikliklərdir və qüvvəyə minməsi üçün müvafiq qaydada qəbul edilməlidir.
Mənbə: APA