“Akademik Xoşbəxt Yusifzadə” tankerinin ilk səfəri Türkmənistanın Kianlı limanına olub. Bu barədə Report 26 yanvar tarixində məlumat verib.
Tanker buradan qəbul etdiyi xam nefti Səngəçal Dəniz Limanına çatdırıb.
Uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.
Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.
Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür.
“Akademik Xoşbəxt Yusifzadə” tankeri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də tikilmiş və ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmişdir.