Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satışı məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 6 ildən 10 ilədək cəzalandırılacaq. Cinayət Məcəlləsinə təklif edilən bu dəyişiklik parlamentin iclasında I oxunuşda qəbul olunub. Bu haqda 5 aprel tarixində Report xəbər verib.
Həmçinin internet vasitəsilə narkotik satanlar 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik I oxunuşda qəbul olunub. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək cərimə tətbiq olunacaq. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 2 ayadək inzibati həbs tətbiq ediləcək.