Azərbaycan ərazisinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən bu gün, 10 aprel tarixində xəbər verir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Aprel ayının 9-da saat 02:20-də DSX-nın “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 41 yaşlı Çoşqun Əsgərxanov və 26 yaşlı Murad Şahbazlı saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam edir.