“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”. Bunu Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib.
Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Həmran Əmirli deyib ki, 25-dək tələbə hazırda universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumilikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaqdadır.
Kahramanmaraşda əlaqə saxlaya bilmədiyi bir neçə tələbənin olduğunu deyən Həmran Əmirli onlar haqqında məlumat almaq üçün xəstəxanalara müraciətlər olunduğunu, amma hələlik xəbər ala bilmədiyini qeyd edib: “İnternet və telefon əlaqəsi çox məhduddur. Azərbaycanla əlaqə saxlaya bilirik, amma Kahramanmaraşda şəhərdaxili telefon əlaqələrində çox çətinliklərimiz var. Dağıntılar altında qalan tələbələrin kimliyi haqqında məlumatlarımız şifahi şəkildə yayılıb. Bu məlumatları dəqiqləşdirəcəyimiz yer xəstəxanalardır”.