Son iki ildə Azərbaycanda qaz sayğaclarına kənar müdaxilə halları iki dəfə azalıb. Bu barədə 25 noyabr tarixində Report “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinə istinadən məlumat verib.
“Statistikaya əsasən, 2020-ci ildə çıxarılan qaz sayğaclarının 13 min ədədində kənar müdaxilə aşkar olunub. 2021-ci ildə bu rəqəm 20 800 ədəd təşkil edib. Artıq 2022-ci ildə isə 8 900 ədəd qaz sayğacında kənar müdaxilə halları aşkar edilib”, - nümayəndə bildirib.
Onun sözlərinə görə, ötən ildən başlayaraq şəffaf qutuların quraşdırılmasına başlanılıb ki, bu da kənar müdaxilələrin azalmasına səbəb olub.
O xatırladıb ki, Nazirlər Kabinetinin təsdiq etdiyi mövcud qanunvericiliyin tələbi ilə əhali üçün məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il, sənaye tipli qaz sayğaclarının dövri yoxlama müddəti isə 3 il müəyyən edilib.