AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosu Türkiyədəki zəlzələ ilə əlaqədar proqramlarında dəyişiklik edib. Bu barədə 7 fevral tarixində Azərbaycan Televiziyası xəbər yayıb.
AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.
Qeyd olunub ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər, Azərbaycandan da 1 qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub. TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.