Metronun “28 May” stansiyasında sərnişinlər arasında sıxlıq yaranıb. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, ötən gün metronun “28 May” stansiyasında insan sıxlığı yaranıb. Sərnişinlər qatara minməkdə və hərəkət etməkdə çətinlik yaşayıblar.
Axşam saatlarında sözügedən stansiyada eskalatorların da işləməməsi insanlar üçün əlavə çətinliyə səbəb olub.
Bakı Metropoliteninin verdiyi açıqlamaya əsasən, eskalatorlardan birinin işləməməsi sərnişin müdaxiləsi səbəbindən baş verib:
“Ötən gün axşam gur saatı vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.
Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb. Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb.
Təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət edən eskalator da qoşulub.
Sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edirik. İstifadə qaydaları, ilk növbədə, hər bir sərnişinin təhlükəsizliyi üçündür”.