Bakıda Almaniya vətəndaşı olan gənc qıza təcavüz etməkdə ittiham edilən şəxsə hökm oxunub. Bu barədə Qafqazinfo 18 aprel tarixində xəbər verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 149.1-ci (Zorlama) maddəsi ilə təqsirli bilinən 29 yaşlı F.Abdullayevə 4 il həbs cəzası verilib.
Hadisə ötən ilin payızında qeydə alınıb. İttihama görə, paytaxtın mərkəzindəki gecə klubunda sərxoş halda olan qızı kirayə yaşadığı evə aparan 1994-cü il təvəllüdlü F.Abdullayev onu zorlayıb.
Məhkəmədə bildirilib ki, Azərbaycana könüllü kimi gəlmiş, rəfiqəsi ilə birgə yaşayan Katherina K. (şərti adlı) oktyabrın 7-də və 8-də dostları ilə əvvəlcə evdə, daha sonra gecə klublarında içki qəbul edib. Gecə saat 04:00 radələrində ona yaxınlaşan F.Abdullayevin dəvəti ilə həmin şəxsin evinə gedib. Hadisə də həmin vaxt baş verib.
Şikayətçinin sözlərinə görə, ağır dərəcəli sərxoş vəziyyətdə olduğundan həmin şəxslə necə getdiyini və hadisənin tam olaraq necə baş verdiyini xatırlamasa da, ona təcavüz edildiyini düşünür. Zərərçəkmiş qadın məhkəmədə bildirib ki, hadisə nəticəsində bakirəliyi pozulub.
Qızın üzərindəki xəsarətlər və digər ekspertiza nəticələri də təcavüzün baş verdiyini təsdiq edib.