Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
O, ilk təhsilini 2 saylı rus-tatar məktəbində alıb, sonra Bakı texniki məktəbində oxuyub. Rəsulzadə 1903-cü ildə “Müsəlman Gənclik Təşkilatı” adlı azərbaycanlı inqilabçılar dərnəyini yaradıb. O, həmçinin “Hümmət” təşkilatının yaradıcılarından biri olub.
Siyasi fəaliyyətinə görə, Məhəmməd Əmin Rəsulzadə İrana getmək məcburiyyətində qalır. Burada o, Məşrutə inqilabında (1905–1911) iştirak edib. 1913-cü ildə Rəsulzadə Bakıya qayıdır və “Müsavat” partiyasının rəhbərliyinə keçərək, milli azadlıq uğrunda mübarizə aparır.
1918-ci ilin mart ayında Bakı şəhərində və digər bölgələrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımlar törədilirdi. Həmin vaxt Məhəmməd Əmin Rəsulzadə Qafqazın Rusiyadan ayrılaraq müstəqil dövlət yaratması uğrunda mübarizəyə başlayır. 27 may 1918-ci ildə Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 28 may 1918-ci ildə isə Tiflis şəhərində həmin şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması elan edilir. Rəsulzadə AXC-nin Parlamentində “Müsavat” fraksiyasının başçısı olub.
1920-ci ilin aprel ayında AXC-nin süqutundan sonra Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradılır. Bu səbəbdən o, 1920-ci ilin avqustunda həbs olunur. Lakin Sovet dövlətinin lideri Stalinin göstərişi ilə o, həbsdən azad edilərək, Moskvaya aparılır. Daha sonra Rəsulzadə gizli yolla Finlandiyaya keçərək, Türkiyəyə mühacirət edir. Rəsulzadə Türkiyədə olan zaman “Müsavat” Partiyasının Xarici Bürosunu yaradır, həmçinin bu partiyanın Azərbaycandakı gizli təşkilatına istiqamət verir.
İkinci Dünya müharibəsi zamanı Münxendə gizli şəraitdə yaşayan Rəsulzadə “Azərbaycan Demokrat Birliyi” və “Türkiyə-Azərbaycan” cəmiyyətlərini yaradıb. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı çalışır. O, ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda mübarizə aparıb.
Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Türkiyənin Ankara şəhərində vəfat edib və oradakı Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.