XIX əsrin əvvəllərində Qafqazda çar Rusiyasının apardığı imperiya siyasəti İranı narahat etmişdir. Bu səbəbdən Qacar sülaləsindən olan Fətəli şah Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başlamışdır. 1813-cü ilə qədər davam edən müharibənin sonunda İran məğlub olmuşdur. Hərbi əməliyyatların Cənubi Azərbaycan ərazisinə keçmə təhlükəsi yaranmış və bunun qarşısını almaq məqsədi ilə İran hakimiyyəti sülh bağlamağa qərar vermişdir.
12 (24) oktyabr 1813-cü ildə Qarabağın Gülüstan kəndində (indiki Goranboy rayonu) Birinci Rus - Qacar müharibəsinin (1804-1813) nəticələrini əks etdirən müqavilə imzalanmışdır. Müqavilə 11 maddədən ibarət idi. Bu müqavilənin nəticəsində Azərbaycanın ərazisi iki hissəyə bölünmüşdür.
Sənədi Qacarlar tərəfindən şahın vəkili olan Mirzə Əbülhəsən xan və çar Rusiyası tərəfindən general Nikolay Rtişev imzalayaraq möhürlədilər. Ona əsasən, İran Azərbaycanın şimal hissəsində yerləşən Bakı, Qarabağ, Şəki, Şirvan, Quba, Gəncə və Lənkəran (Talış) xanlıqlarının, həmçinin Dağıstanın bütün ərazisinin də çar Rusiyasının hakimiyyəti altına keçməsini təsdiq edirdi.
Müqavilənin sonunda tarix belə göstərilmişdir: “Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü, İran hesablaması ilə min iki yüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır”.