Xocalı 1991-ci ilin oktyabr ayından blokadada olub. Həmin zamandan etibarən şəhərin ilk öncə avtomobil, daha sonra isə hava əlaqəsi kəsildi.
1992-ci il fevralın 25-də axşam saatlarında Xocalı şəhəri toplardan və ağır artilleriyadan atəşə tutulmağa başladı. Artıqfevralın 26-sı şəhər tam alova büründü. Həmin zaman çarəsiz qalan əhali yaxın ərazilərdə olan azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə yola düşən zaman onlar amansızcasına ermənilər tərəfindən qətlə yetirildilər.
Erməni tərəfi etiraf etmişdi ki, onların əsas məqsədi Xocalının strateji cəhətdən məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, Xocalıda yerləşən Qarabağdakı yeganə hava limanının ələ keçirilməsi idi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla ümumilikdə 613 nəfər həlak oldu və 487 nəfər yaralandı. 1275 Xocalı sakini əsir götürüldü və 5379 nəfər daimi yaşayış yerlərini məcburi tərk etdi. Əsir düşən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi məlum deyil.