Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək. Bununla bağlı 12 aprel tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Nazirlər Kabinetinə pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.