Sakinlər Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun bəzi hissələrində dağıntıların olmasından narazıdırlar. Bu barədə noyabrın 18-də Report xəbər yayıb.
Vətəndaşların sözlərinə görə, 9 yaşayış məntəqəsini birləşdirən bu yolda çökmələr əmələ gəlib. Buna normadan artıq yük daşıyan iritonnajlı avtomobillərin hərəkəti səbəb olub.
Onlar bildiriblər ki, yolun bərbad vəziyyəti burada avtomobil qəzalarına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub. Qeyd edilib ki, hava şəraiti imkan verən kimi həmin yolda təmir-bərpa işləri aparılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci ilin oktyabrın 24-də sözügedən yolun tikintisi üçün 13,3 milyon manat ayırıb.