Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd olunan vəzifəyə polis general-mayoru Sərdar Səfərov təyin olunub. Səfərov Sərdar Süleyman oğlu bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb.
O, 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb, o cümlədən bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2022-ci il tarixli Sərəncamı ilə S.Səfərova polis general-mayoru xüsusi rütbəsi verilib.
O, Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə”, 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə", 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.