Bakıda yolun əks-istiqamətində geriyə maşın sürən saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 10 aprel tarixində məlumat verir.
DİN-in Mətbuat Xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, sözügedən şəxs 20 yaşlı tələbədir və saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq, girdiyi əks-yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.
Heydər Əliyev Mərkəzinin qabağında yolun əks-istiqamətində gedərkən DYP avtomobili ilə qarşılaşan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu şəkildə Nərimanov rayonunun İzzəddin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.
Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın, nəhayət, Həsənoğlu küçəsində dayandırılıb.