Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu ehtimal edilən ərazi minalardan təmizlənir. Bu barədə 21 fevral tarixində Report məlumat verib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun meneceri Habil Babayev bildirib ki, kütləvi məzarlığa dair məlumatlarla əlaqədar ilkin olaraq, 4 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, bu günə qədər aparılan təmizlənmə əməliyyatları zamanı ərazidə minaların daha sıx döşəndiyi aşkarlanıb: “Əməliyyatın başladığı 10 gün ərzində ərazinin 10-15 faizi təmizlənib və 59 ədəd tank əleyhinə mina aşkar edilib. Ərazilərin minalarla kütləvi çirkləndirilməsinin səbəbi isə burada mövcudluğu ehtimal edilən kütləvi məzarlığın olmasıdır. Bu ərazidə hazırda tank əleyhinə minalar gözlə görünür. Burada minaların kütləvi basdırılmasının səbəblərindən biri də azərbaycanlıların haçansa öz yaxınlarının qəbirlərini axtaracaqlarına görədir”.
Agentlik rəsmisi qeyd edib ki, ərazi minalarla tamamilə çirkləndirilib. Qurum təmsilçisinin sözlərinə görə, hələ ki ərazinin 10–15 %-i təmizlənib.
[gallery link="file" size="full" ids="106316,106317,106318"]