Gəncə şəhərində piyadanın ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Report 7 fevral tarixində məlumat verib.
Fevral ayının 5-də "VAZ 21011" markalı avtomobillə Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada, 52 yaşlı Murad Ələkbərovu vuraraq hadisə yerindən yayınan Gəncə sakini, 29 yaşlı Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.