Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alan şəxslərin son durumu açıqlanıb. Bu barədə aprelin 6-da TƏBİB məlumat yayıb.
Müalicə alan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb. Hazırda tibb müəssisələrində ümumilikdə 13 nəfər müalicə alır.
Reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ümumilikdə ambulator müalicə üçün 9 nəfər evə göndərilib.
Qeyd edək ki, aprelin 3-də Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Hadisəyə səbəb mətbəxdəki qaz balonunun partlaması olub. Nəticədə 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.