Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayətləri törədən 7 nəfər saxlanılıb. Bu barədə noyabrın 18-də DİN-dən bildirilib.
Şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının və bank kartlarının oğurlanması barədə müraciət daxil olub.
Əməli törətməkdə şübhəli bilinən Kənan Yəhyayev tutularaq istintaqa təhvil verilib. Axtarış zamanı ondan oğurladığı bank kartları, eləcə də heroin, metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb.
Araşdırma zamanı K.Yəhyayevin oğurladığı qızılları Mingəçevir şəhərində satdığı, narkotik vasitəni isə onlayn yolla xarici ölkə vətəndaşından aldığı müəyyən edilib.
Bundan başqa, rayon ərazisində narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş 6 nəfər- Nicat Məmmədov, Orxan Abdurəhimli, Səxavət Qəhrəmanov, Əbülfət Bayramov, Bəxtiyar Mehdiyev və Nicat Həsənov saxlanılıblar.
Onlardan külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla cinayət işləri başlanılıb.