Azərbaycan güləşinin Avropa çempionatları tarixində yeni rekorda imza atılıb. Bu barədə Report 24 aprel tarixində xəbər verib.
Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə özünün ən yaxşı nəticəsini göstərib.
Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.
Komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.