Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Bu barədə 3 aprel tarixində Prezidentin mətbuat xidməti məlumat verib.
Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.
Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.